Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin vurduğu qol 2-ci Bundesliqanın 2024/2025 mövsümünün ilk yarısının ən yaxşısı seçilib.
Arena.az bu barədə Almaniyanın “Nürnberq” klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Sözügedən klub cari mövsümün ilk dövrəsi üçün 10 ən yaxşı qol müəyyənləşdirib. Onların arasında Mahir Emrelinin vurduğu qollar da yer alıb. Azərbaycanlı hücumçunun Almaniya 2-ci Bundesliqasının 9-cu turunda “Qroyter Fyurt” komandasına vurduğu qol çıxış etdiyi “Nürnberq” klubu tərəfindən 2024/2025 mövsümünün ilk yarısının ən yaxşısı elan edilib. 27 yaşlı hücumçunun qolu “Top 10”da birinci yerə layiq görülüb. Azərbaycanlı forvardın 11-ci turda “Hamburq”un qapısından keçirdiyi dəqiq zərbə siyahıda 9-cu sırada yer alıb.
Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 13 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


