Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 19-cu turu çərçivəsində çempionatın vahid lideri olan Split “Hayduk”u ilə qarşılaşıb.
Doğma meydanda baş tutan bu oyunda “Dinamo” xal itkisi ilə üzləşib – 0:0.
Emreli bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçu zədə səbəbindən komandasına kömək edə bilməyib.
Son Xorvatiya çempionu olan “Dinamo” 19 turdan sonra 34 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış 2 oyunu da var.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.


