İngiltərə Premyer Liqasının 30-cu turunun “Arsenal”la “quru oyun”u cari çempion “Mançester Siti” üçün xoşagəlməz nəticə ilə əlamətdar olub.
Arena.az məlumat verir ki, ispan mütəxəssis Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda 58 oyunda ilk dəfə doğma stadionunda rəqib qapısını möhürləyə bilməyib.
Vurğulayaq ki, müvafiq silsilə 754 gün davam edib. “Şəhərlilər” sonuncu dəfə evdə 2022-ci ilin martında Çempionlar Liqasının 1/8 final mərhələsinin Lissabon “Sportinq”i ilə cavab oyununda (0:0) qol vura bilməmişdi.
Xatırladaq ki, 30-cu turun mərkəzi, “Mançester Siti” – “Arsenal” oyunu “quru” hesabla bitib – 0:0. Eyni gündə “Brayton”u 2:1 hesabı ilə məğlub etmiş “Liverpul” Premyer Liqanın liderliyini yenidən ələ keçirib. “Qırmızılar”ın 67 xalı var, 2-ci pillədə 65 xalla “topçular” qararlaşıblar. İlk üçlüyü isə 64 xalla “şəhərlilər” qapayırlar.


