Ötən gün Premyer Liqanın 10-cu turu çərçivəsində “Mançester Siti”yə məğlub olan “Mançester Yunayted” antirekorda imza atıb.
Arena.az xəbər verir ki, “qırmızı-şeytanlar” şotlandiyalı baş məşqçi Aleks Ferqyusonun gedişindən sonra “Old Trafford”da 34 Premyer Liqa matçında uduzub.
Son məğlubiyyət ötən gün baş tutan Mançester derbisində qeydə alınıb – 0:3.
Maraqlıdır ki, bu komanda 81 yaşlı mütəxəssisin 26 illik dönəmində çempionatda yalnız 34 dəfə yenilmişdi.
Aleks Ferqyuson 1986-cı ilin noyabrından 2013-cü ilin mayına qədər “qırmızı şeytanlar”ın baş məşqçisi olub. Komanda bu mütəxəssisin rəhbərliyi altında keçirdiy 1473 oyunda 882 qələbə qazanıb, 322 heç-heçə edib, 269 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mançester təmsilçisini hazırda holland mütəxəssis Erik ten Haq çalışdırır. Gözlənilənlərin əksinə olaraq, Erik ten Haqın rəhbərliyi altında komanda cari mövsümə uğursuz başlayıb. “Qırmızı şeytanlar” Premyer Liqada keçirdiyi 10 oyundan 5 qələbə qazansalar da, 5 oyunda da məğlub olublar. Heç-heçəsi olmayan iki komandadan biri (digəri “Mançester Siti”dir ) olan MY hazırda 15 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıblar. Həmçinin mançesterlilər Çempionlar Liqasında “Bayern”ə (3:4) və “Qalatasaray”a (2:3) məğlub olublar, yalnız “Kopenhagen” üzərində minimal hesablı çətin qələbə qazanıblar – 1:0.
Erik Ten Haq “Mançester Yunnayted”i 2022-ci ilin iyulundan çalışdırır. Holland mütəxəssisin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ten Haqın rəhbərliyi altında “Mançester Yunayted” 2022/2023 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub.


