Manuel Noyer AÇ-2024-dən sonra yığmanı tərk edə bilər

Almaniya yığmasının və “Bayern”in qapıçısı Manuel Noyer vətənində keçirilən Avropa çempionatının sonunda bundestimi tərk edə bilər.

Arena.az alman qapıçının bu barədə fikirlərini təqdim edir:

“AÇ-2024 Almaniya yığması ilə son yarışım olacaqmı? Hələ dəqiq deyə bilmərəm. Yarışdan sonra bu barədə düşünəcəyəm”, deyə Noyer bildirib.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Geridə qalmış 2023/2024 mövsümündə Noyer “Bayern”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 43 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib. Onun “Bayern” karyerası bütövlükdə 521 oyun, 427 buraxılmış qol və 244 “quru” matçdan ibarətdir.

Manuel hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində isə 121 oyun keçirib, 115 qol “yeyib”, 50 oyundan “quru” qurtulub.

Manuel Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: