Manuel Noyer Almaniya millisindən getdi

Almaniya yığmasının və “Bayern”in qapıçısı Manuel Noyer milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Noyer yığmanın formasını geyinməyi çox sevdiyini yazıb.

Xatırladaq ki, Manuel, kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində bütövlükdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Geridə qalmış 2023/2024 mövsümündə Noyer “Bayern”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 43 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib. Bu mövsüm hələlik 1 oyun keçirmiş qapıçının “Bayern” karyerası bütövlükdə 522 oyun, 427 buraxılmış qol və 245 “quru” matçdan ibarətdir.

Manuel Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: