Manuel Noyer Bundesliqada 500-cü oyununu keçirdi

Almaniya Bundesliqasının 33-cü turunda “Volfsburq”a qarşı ev oyunu (2:0) “Bayern”in qapıçısı Manuel Noyer üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, alman qolkiper Bundesliqa çərçivəsində 500-cü oyununu keçirib.

Beləliklə, Noyer Bundesliqa çərçivəsində müvafiq nailiyyətə imza atmış 4-cü qapıçı olub.

Noyerə qədər Bundesliqada 500 oyun həddinə çatmış alman qapıçılar bunlardır:

Oliver Kan (557 oyun), Ayke İmmel (534 oyun) və Uli Ştayn (512 oyun).

Xatırladaq ki, Noyer Bundesliqada ilk oyununu 18 il öncə, “Şalke”yə qarşı keçirib.

38 yaşl Noyerin yüksək səviyyəli çıxışını və ən azı bir neçə mövsüm oynamaq iddiasını nəzərə alsaq, veteran qapıçının həmkarı Oliver Kanın mütləq rekordunu hədəflədiyini anlamaq olar.

Vurğulayaq ki, Noyer dağ-xizək kurortunda aldığı zədə səbəbilə 2022-ci ilin dekabırın 10-da cərrahi əməliyyat edilmiş, ötən və cari mövsümün bir hissəsini yaşıl meydanlardan kənarda qalmışdı. Noyer zədədən sağaldıqdan sonra ilk oyununu 2023-cü ilin oktyabr ayının 28-də Bundesliqa çərçivəsində “Darmştadt”a (8:0) qarşı keçirib.

Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 39 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.

Manuel hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub.

Manuel Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: