Markinyos PSJ-nin tarixinə düşdü

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə ilk matçı PSJ-nin kapitanı Markinyos üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Paris təmsilçisinin heyətində 436-cı qarşılaşmasına çıxıb.

Bununla da o, PSJ-də ən çox oyuna çıxan futbolçu adına sahib çıxıb. 29 yaşlı müdafiəçi Paris təmsilçisinin sabiq futbolçusu Jan-Mark Pilorjeni (435 oyun) geridə qoyub.

Xatırladaq ki, Markinyos PSJ-yə 2013-cü ilin iyulunda 31,4 milyon avro müqabilində “Roma”dan keçib. Braziliyalı müdafiəçinin Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə braziliyalı müdafiəçi PSJ-nin heyətində bütün yarışlarda 29 oyuna çıxıb. O, bu oyunlarda 2 məhsuldar ötürmə verib. Markinyosun Fransa nəhənginin heyətində ümumi statistikası isə belədir: 436 oyun, 38 qol və 12 məhsuldar ötürmə.

Braziliyalı futbolçu PSJ ilə 8 dəfə Fransa Liqa 1-in, 6 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 8 dəfə Fransa Super Kubokunun qalibi, həmçinin 2019/2020 mövsümündə UEFA Çempionlar Liqasının finalçısı olub. Müdafiəçi son illərdə Paris təmsilçisinin əsas kapitanıdır.

Markinyos 2013-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinin heyətində 84 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2016-cı il Rio-de-Janeyro Olimpiadasınını qalibi olub, həmçinin, 2019 Amerika Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: