Marko Yankoviç Xorvatiyaya qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisinin heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, ötən gecə DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyunları keçirilib.

L qrupunda yer almış Montenerqro millisi seçmə mərhələnin sonuncu turu çərçivəsində öz meydanında Xorvatiya yığmasını qəbul edib. “Qarabağ”dan Monteneqro yığmasına dəvət almış Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxmış yarımmüdafiəçi sonadək mübarizə aparıb.

Görüş Monteneqro yığmasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Keçirdiyi 8 oyunda 3 qələbə qazanıb, 5 məğlubiyyət almış Monteneqro millisi seçmə mərhələni 9 xalla qrup üçüncüsü kimi başa vurub. Xorvatiya 22 xal toplamaqla qrup birincisi olub və DÇ-2026-ya birbaşa vəsiqə qazanıb. 16 xalla ikinci olmuş Çexiyanı isə pley-off oyunları gözləyir.

Xatırladaq ki, Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 140 oyun keçirib, 11 qol və 16 məhsuldar ötürmə müəllifi olub.

Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.

Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 58 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: