Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunun sağ cinah müdafiəçisi Mateus Silva bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, uzun müddət davam edən danışıqlar uğurla tamamlanıb və 25 yaşlı müdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu yeni komandasında 2 nömrəli formanı geyinəcək.
Mateus Silva “Lokomotiv”ə ötən ilin yayında Portuqaliyanın “Moreyrense” klubundan keçib. O, Plovdiv təmsilçisində 38 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi daha öncə “Moreyrense”dən (25 oyun) başqa “Paysandu” (23 oyun) və “Farense” (19 oyun, 3 assist) kimi klubların da formasını geyinib.
“Qarabağ” Mateus Silvadan əvvəl Hamidu Keyta, Juninyo Vieyra, Patrik Andrade və Andrey Lunyovu da transfer etmişdi. Ramil Şeydayev, Filip Ozobiç, Zamiq Əliyev, Musa Qurbanlı və Qara Qarayev Ağdam klubundan ayrılıb. İsmayıl İbrahimli isə “Zirə”yə icarəyə verilib. Maksim Medvedev isə müddəti bitən müqaviləsini 1 illik yeniləyib.


