“Yuventus”un və Argentina yığma komandasının sağ vingeri Matias Sule bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “canavarlar”ın rəsmi saytına istinadən xəbər verir.
Paytaxt klubu gənc oyunçunun transferi üçün “Yuventus”a 25,6 milyon avro ödəyib. 21 yaşlı vinger yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.
Matias Sule Argentinanın “Veles Sarsfild” klubunun yetirməsidir. 2020-ci ilin sentyabrında “Yuventus”un düşərgəsinə yol tapmış Sule 2023-cü ilin avqustunda püxtələşməsi məqsədilə ötən mövsümün sonuna qədər “byankoneri” tərəfindən “Frozinone”yə icarəyə verilib.
Sule “Frozinone”nin heyətində bütün yarışlarda 39 oyuna çıxıb. O, bu oyunlarda 11 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Matias Sule Argentina yığmasının əsas komandasına dəvət alsa da, debüt imkanı hələ ədə etməyib. Sulenin qənimətlər muzeyi də hələ bomboşdur.
“Transfermarkt” internet-portalı 20 yaşlı argentinalı sağ vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
“Yuventus” Niderlanddan olan mərkəz müdafiəçisi Din Heyseni də İngiltərənin “Bornmut” klubuna satıb. Turin təmsilçisi 19 yaşlı oyunçunun satışından 15,2 milyon avro qazanıb. Müdafiəçi Premyer Liqa təmsilçisi ilə 6 illik müqavilə bağlayıb.
Din Heysen “Yuventus”a 2021-ci ilin yayında İspaniyanın “Malaqa” klubundan gəlib. Turin təmsilçisinin gənclərdən ibarət kollektivində oynamış müdafiəçi “Yuventus”un əsas komandasında cəmi 1 oyun keçirib. O, ötən mövsümü icarə əsasında “Roma”da keçirib – 14 oyun, 2 qol, 1 məhsuldar ötürmə.
Heysen Niderlandın U-17, U-18 və U-19 yığmalarında da oynayıb. İspaniya vətəndaşlığı da olan gənc müdafiəçi bu ilin mart ayından İspaniyanın U-21 yığmasına dəvət almağa başlayıb. O, artıq bu komandanın heyətində 2 oyuna da çıxıb.


