Dortmund “Borussiya”sının alman veteran mərkəz müdafiəçisi Mats Hummels İngiltərə Premyer Liqasının səviyyəsini lağa qoyub.
Arena.az məlumat verir ki, Hummels ötən həftə İngiltərə Premyer Liqasının klublarının UEFA Çempionlar Liqasından və Avropa Liqasından kənarlaşdırılmasına istehza ilə qarşılıq verib.
Hummels özünün “X” sosial şəbəkə hesabı üzərindən bu haqda fikrini sarkazmla ifadə edib:
“Bu həftə əla məhsuldur, mənim Fermerlər Liqasından həmkarlarım”, – Hummels dərc edərək, paylaşıb.
Arena.az bu məqamda oxucularına kiçik bir haşiyədə izah təqdim etməyi məqbul hesab edir:
Xatırladaq ki, bu, “Fermerlər Liqası” ifadəsinin kökü ingilis – alman futbol rəqabətinə dayanır. Ötən əsrin əvvələrindən baş qaldırmış bu rəqabət, o illərdə özünəvurğun ingilislərin futbol oynayan istənilən xarici kluba və milli komandaya yuxarıdan aşağıya baxması ilə daha da şiddətlənib. Xüsuilə avrokubokların təsis edilməsi və İngiltərədə mətbuatın Bundesliqaya “Fermerlər Liqası” adı qoyaraq, alman futboluna təkəbbürlə baxması mənzərəsində, alman klublarının ingilis klublarını bir neçə dəfə yaxşıca kötəkləməsindən sonra bu rəqabət hər dəfə qızışır. Müasir günümüzdə də İngiltərə mətbuatında Bundesliqa ara-sıra bu ifadə ilə “anılır”. Amma meydanda oyuna gəlincə, təkcə Almaniya nəhəngi “Bayern”in adını çəkmək kifayətdir. Məsələn, “Bayern”in avrokuboklarda təkcə “Arsenal”ın başına açdığı müsibəti görmək bəs edir. Odur ki, Mats Hummelsin İngiltərə Premyer Liqası klublarının cari mövsümdə avrokuboklarda kütləvi uğursuzluğu mənzərəsində onlara eyhamla lağ eləməsi, bir alman üçün anlaşılandır.
Xatırladaq ki, ötən həftə “Mançester Siti” və “Arsenal” Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəyə xitam veriblər. Yarışın cari çempionu “şəhərlilər”i İspaniya nəhəngi “Real” peşman edib. “Topçular”ı isə Almaniya nəhəngi “Bayern” mübarizədən kənarlaşdırıb. Yeri gəlmişkən, İngiltərə nəhəngi “Mançester Yunayted” isə hələ Çempionlar Liqasının qrup mərhələsində “bədbəxt olub” və bu qapazı da “qırmızı şeytanlar”a məhz “Bayern” vurub. “Mançester Yunayted” “Bayern”in yer aldığı qrupda 4-cü olub.
Avropa Liqasında “Liverpul”u “Atalanta” kötəkləyib (3:0, 0:1). “Vest Hem”i isə Bundesliqanın cari mövsümünün çempionu Leverkuzen “Bayer”i yarışdan kənarlaşdırıb (2:0, 1:1). Hər iki oyun 1/4 final mərhələsində baş tutub.


