Türkiyənin “Fənərbaxça” klubu yarımmüdafiəçisi Mesut Özil ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Özil də sosial media hesablarında keçmiş klubu ilə vidalaşıb. O, hər kəsə təşəkkürünü bildirib.
Mesut Özil “Fənərbaxça”ya 2021-ci ilin yanvarında İngiltərənin “Arsenal” klubundan ayrılaraq, azad agent kimi keçmişdi. Lakin onun İstanbul təmsilçisindəki karyerası o qədər də uğurlu alınmayıb. Xüsusilə də geridə qalan mövsümün gedişində məşqçilərlə problem yaşayan futbolçu heyətdən kənarlaşdırılmışdı. Özil “Fənərbaxça”da cəmi 37 matça çıxıb və 9 qola imza atıb.
Əslən türk olmasına baxmayaraq, Mesut Almaniyada dünyaya göz açdığı və bu ölkənin vətəndaşlığın daşıdığı üçün, Almaniya yığmasında oynamağa qərar verib. O, sözügedən ölkənin milli komandasında 92 oyuna çıxıb, 23 qol vurub. 33 yaşlı yarımmüdafiəçi əvvəllər “Şalke”, “Verder”, “Real” və “Arsenal”ın uğurları üçün çalışıb.
Artıq Özilin yeni komandası da məlumdur. Təcrübəli futbolçu Super Liqanın digər iddialı komandası “Başakşəhər”lə anlaşıb. İstanbul klubu sosial media hesablarında bu transferlə bağlı maraqlı paylaşımlar edib. Lakin klubun tezliklə bu keçidi rəsmi saytı vasitəsilə açıqlaması gözlənilir. Çünki tərəflər arasındakı müqavilənin müddəti və digər detalları bəlli deyil.
Yeri gəlmişkən, “Fənərbaxça” gənc futbolçusu Uğur Kaan Yıldızla da yollarını ayırdığını açıqlayıb. Sağ cinah müdafiəçisi olan Uğur, geridə qalan mövsümdə Super Liqanı tərk etmək məcburiyyətində qalan “Göztəpə”yə transfer olub.


