“Jirona”nın baş məşqçisi Miçel Anxel La Liqanın 19-cu turunda komandasının Madrid “Atletiko”su üzərində qələbəsini (4:3) şərh edib.
Arena.az xatırladır ki, kataloniyalılar qələbə qolunu oyunun əsas vaxtına əlavə edilmiş ilk təzminat dəqiqəsinda (90+1) vurublar:
“Bu, bizim üçün, şəhər və əyalət üçün tarixi bir gündür. Biz çox məmnunuq. Birinci hissəni təsirli keçirdik, amma 3:2 hesabı bizi çox da üzmədi. İkinci hissədə “Atletiko”nun hesabı bərabərləşdirəcəyi aydın idi, amma dəyişikliklər bizə güc verdi. Son 20-25 dəqiqədə istənilən komanda qol vura bilərdi, İvanın qolu isə möhtəşəm idi.
Bu, inanılmaz zehniyyətlə əla oyun idi. Məni ən çox sevindirən komandanın möhkəmliyidir. Bəzən meydanda bizi vaxtaşırı üstələyirdilər, amma əziyyət çəkməyi, dayanmağı və məqamımızı gözləməyi bacarırdıq. Sonda möhtəşəm qolla mükafatlandırıldıq. Tarixi bir gecədir,” – AS dərgisi Miçel Anxeldən sitat gətirir.
19 turdan sonra “Jirona” 48 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Atletiko” isə 38 xalla 3-cü pillədədir. 48 xal toplamış “Real” çempionatın lideridir. İspaniya nəhəngi “Jirona”nı daha yaxşı top fərqinə görə qabaqlayır.


