Migel Krespo “Fənərbaxça” ilə yeni müqavilə bağladı

Türkiyənin “Fənərbaxça” klubu Portuqaliyadan olan yarımmüdafiəçisi Migel Krespo ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

27 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025-ci ilin 30 iyununa qədər İstanbul klubunun formasını geyinməyə davam edəcək. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2024-cü ilin yayında bitəcəkdi.

Türkiyə mətbuatının yazdığına görə, yeni müqavilə ilə futbolçunun qazancında da ciddi artım olub. Belə ki, bu vaxta qədər mövsümə 500 min avro qazanan futbolçunun məvacibi 1 milyon avroya çatdırılıb.

Migel Krespo peşəkar karyerasına “Neves”də başlayıb. O, daha sonra “Merelinense” və “Braqa”nın B komandasında da çıxış edib. Yarımmüdafiəçi 2019-cu ildən etibarən “Eştoril”in uğurları üçün çalışmağa başlayıb. “Fənərbaxça” da yarımmüdafiəçini 2021-ci ilin sentyabr ayında məhz “Eştoril”dən 1,5 milyon avro qarşılığında transfer etmişdi.

Krespo “Fənərbaxça”da indiyə qədər 67 oyun keçirib, 5 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: