“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün çox yaxşı oyun gördük. Hər iki komanda hücum edirdi. Gərgin matç izlədik. Hər iki tərəf qələbə qazana bilərdi. Komandam xarakter göstərdi. Çox vacib qələbə qazandıq.
Davit Volkov həmişə qolçu keyfiyyətlərini göstərir. O yaxşı məşq edir. Heç vaxt həvəsdən düşmür. Milli komandaya yaxşı əhvalda gedəcək. Nicat Mehbalıyevə gəlincə, onun da ilk oyununda qələbə qazanması çox önəmlidir. Onu təbrik edirəm.
İki ardıcıl qələbə qazanmağımıza nə mane olur? Əvvəlki matçda hakimin qeyri-peşəkarlığı imkan vermədi. Razıyam, sabit deyilik, bəzi matçlarda yaxşı çıxış etməmişik. Bunun üzərində işləyəcəyik”.
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə məğlub olduqları oyunla bağlı bunları söyləyib:
“Maraqlı oyun idi. Matç çox sürətli başladı. Təəssüf ki, ilk qolumuz qeydə alınmadı. Səhvlərdən ucuz qollar buraxdıq. Bundan sonra komanda toparlanıb iki qol vurdu. İlk hissənin sonrarında üçüncü qolu buraxdıq. Fasilədə dəyişikliklər etdik. Bilirdik ki, rəqib bizi əks-hücumda tutacaq. Futbolçular ritmdən düşmədi. Müdafiə planında əskiklərimiz var. Kiçik səhvlər bizə baha başa gəlir. Çempionat davam edir. Xal fərqi bir az açılır. Həvəsdən düşmək olmaz. Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm.
Bu gün hakimlik normal idi. Buraxılan qollar fərdi səhvlərin nəticəsi idi. Qapıçının da, müdafiəçilərin də səhvi var. Bu gün hücumu düzəltmək istəyiriksə, bəzi risklər alırıq. Müdafiədə fərdi səhvlərdir, taktiki səhvlər olmur. Belə oyunlar vacibdir ki, həmin futbolçular artırsın. Bu səhvləri etmək olmaz. İstəyirik ki, komandada rəqabət olsun. Yeni oyunçular dəvət edə bilərik. Amma bu, gələcəyin işidir”.


