Murat Yakın: “Rəqibə bir dənə də qol imkanı vermədik”

Futbol üzrə İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2026-nın 1/16 final mərhələsində Əlcəzair yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra komandasının oyundan tam razı qaldığını bildirib.

Təcrübəli mütəxəssis müdafiədə nümunəvi çıxış etdiklərini və növbəti mərhələyə layiq olduqlarını söyləyib:

“Bu gün müdafiədə çox yaxşı oynadıq. Matçın bütün gedişində etibarlı müdafiə olunduq və rəqibə bir dənə də real qol imkanı vermədik. Bütün komandamı təbrik etmək istəyirəm. Futbolçularım çətin mübarizə apardılar və düşünürəm ki, qolları məhz lazım olan anda vurduq. Hesab edirəm ki, növbəti mərhələyə yüksəlməyi tamamilə haqq etdik”.

Murat Yakın bildirib ki, matçın əvvəlində pressinq istənilən səviyyədə olmasa da, komanda sonradan oyuna nəzarəti ələ alıb:

“İlk dəqiqələrdə pressinqimiz yaxşı alınmırdı. Lakin boş zonalardan düzgün istifadə etdik və bir neçə təhlükəli əks-hücum qurduq. Vaxtında qol vurmaq çox vacib idi. Bundan sonra isə meydanda üstünlük tamamilə bizdə oldu. Güclü futbolçulara qarşı oynayırdıq və ümumi çıxışımızdan çox razıyam”.

Əlcəzair millisinin baş məşqçisi Vladimir Petkoviç isə komandasının buraxdığı səhvlərin onlara baha başa gəldiyini deyib. Bosniyaəsilli mütəxəssis hesab edib ki, rəqib imkanlarını daha yaxşı dəyərləndirib:

“Məsələ təkcə müdafiə xəttində deyildi. Bütün komanda şəklində müdafiə olunarkən etdiyimiz səhvlərin bədəlini çox ağır ödədik. İlk ciddi səhvimiz demək olar ki, hər dəfə qolla nəticələndi. Rəqib cəmi üç real fürsət yaratdı və onlardan ikisini qola çevirdi. Halbuki bizim də kifayət qədər imkanlarımız var idi”.

Petkoviç dünya çempionatındakı çıxışı ümumilikdə uğurlu hesab etdiyini vurğulayıb:

“Dünya çempionatından əvvəl müdafiədə çox etibarlı çıxış edirdik. Ancaq bu turnirin səviyyəsi çox yüksəkdir və daha diqqətli oynamalı idik. Bununla belə, 12 ildən sonra yenidən mundiala qayıtmağımız böyük uğurdur. Tariximizdə cəmi ikinci dəfə qrup mərhələsini keçməyimiz də önəmli nəticədir. Əlbəttə, daha irəli getmək istəyirdik, amma alınmadı. İndi çatışmazlıqlarımızdan nəticə çıxarmalı, eyni zamanda bu turnirdə göstərdiyimiz müsbət məqamları da qorumalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: