Nagelsman millinin düşərgəsinə qadınların gəlişinə qadağa qoydu

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman futbolçularına AÇ-2024-ün sonuna qədər düşərgəyə arvad və rəfiqə dəvət etməyi yasaqlayıb.

Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, əvvəlcə futbolçuların həyat yoldaşlarına və rəfiqələrinə Almaniya yığmasının düşərgəsinə baş çəkməyə icazə verilmişdi. Amma milli komandanın 1/4 finala yüksəlməsi ilə onlar daha düşərgəyə buraxılmayacaqlar.

Nagelsman hesab edir ki, zənənlər oyunçuları oyunlara hazırlaşmaqdan yayındıracaqlar. Ona görə də alman mütəxəssis qadınların ayağını düşərgədən kəsmək üçün peşəkar təcrübəsindən istifadə etməklə, müvafiq qadağanı tətbiq edib.

Xatırladaq ki, AÇ-2024-ün ev sahibi Almaniya millisi yarışın 1/4 finalında İspaniya yığması ilə qarşılaşacaq. Oyun iyulun 5-də Ştutqartın “Mersedes-Bents Arena” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Vurğulayaq ki, futbol ictimaiyyətinin böyük əksəriyyəti məhz İspaniya yığmasını AÇ-2024-ün əsas favoriti olaraq qəbul edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: