Nagelsman: “Növbəti rəqibin kim olmasının fərqi yoxdur”

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda İsveçrəyə qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İsveçrəlilərin çalışdırıcısı Murat Yakın yaxşı məşqçidir. Onunla futbol haqda danışmağı xoşlayıram. İsveçrə fərdi keyfiyyətləri nöqteyi-nəzərindən güman ki, bu qrupda ən yaxşı rəqibdir”, deyə Nagelsman rəqib komandanı qiymətləndirib.

Alman mütəxəssis həmçinin bu oyunda heyətlə bağlı heç bir inqilabi dəyişikliyə getməyəcəyini açıqlayıb:

“Hazırda heyəti dəyişmək planlarım yoxdur. Axı mən heyətə tam inandığım üçün sarı vərəqə alma riskini də nəzərə almıram. Əgər oyunçulardan biri cəzalanarsa, sadəcə olaraq, başqasını meydana çıxaracağıq”.

Bundestimin çalışdırıcısı ələmə mərhələsindəki rəqibinin kimliyi, xüsusən də İspaniya yığması haqda da qayğılanmadığını vurğulayıb:

“İspaniya yığması ilə mümkün görüş? Məncə, komandaya “gəlin, sabah uduzaq” demək çətindir. Qələbə qazanmaq və daha da inam əldə etmək gərəkdir. Növbəti rəqibin kim olmasının fərqi yoxdur”.

Alman mütəxəssis görüş ərəfəsində, oyunun keçiriləcəyi, Frankfurtun “Doyçe Bank Park” stadionunun öt örtüyndən şikayətini dilə gətirib:

“Məni daha çox futbol oynamaq deyil, futbolçuların zədə almaq riskinin yüksək olması narahat edir. Bəstə boylu oyunçularla vəziyyət o qədər də pis deyil, amma iri oyunçularla bu, qışda yay təkərləri ilə sürmək kimidir. Bu, qəzaya səbəb ola bilər. İstəmirəm ki, kimsə zədə ilə altı ayı buraxsın. Bu ot örtüyü çox yapışqan və yumşaqdır”, “Sky Sport Germany” dərgisi Nagelsmandan sitat gətirir.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “A” qrupunun İsveçrə – Almaniya oyunu bu gün, iyunun 23-də Frankfurtun “Doyçe Bank Park” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

3-cü tur ərəfəsində “A” qrupunun yarış cədvəlindəki mənzərəsəni təqdim edirik:

  1. Almaniya – 6 xal
  2. İsveçrə – 4
  3. Şotlandiya – 1
  4. Macarıstan – 0

Vurğulayaq ki, Almaniya yığması qrup mərhələsinin son turunun nəticəsindən asılı olmayaraq, 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: