Natan Oduva “Araz Naxçıvan”a da lazım olmadı – Özəl

Bu yay “Turan Tovuz”u azad agent kimi tərk etmiş Natan Oduva bir müddət əvvəl “Araz Naxçıvan”a qoşulsa da, onun bu kluba keçidi baş tutmayıb.

Arena.az saytının əldə etdiyi məlumata görə, Tovuz klubundan ayrılandan sonra daha sərfəli təkliflər gözləyən ingilis futbolçunun bu arzusu puça çıxınca, Premyer Liqamızın debütantında oynamaq qərarına gəlmişdi.

Amma 27 yaşlı hücumameyilli yarımmüdafiəçi bir neçə gün heyətində məşqlərə də çıxdığı “Araz Naxçıvan”a lazım olmayıb. Buna onun tibbi testlərdən uğurla keçə bilməməsi səbəb olub. Bu üzdən də Naxçıvan klubu Oduva ilə müqavilə bağlamaqdan imtina edib.

İngiltərədən olan Nigeriya əsilli Natan Oduva “Tottenhem”in yetirməsidir. O, London təmsilçisinin U-21 komandasında oynasa da, əsas komandada debüt şansı qazanmayıb. Oduva karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.

Oduva 2022-ci ilin yanvar ayından Azərbaycanda çıxış edirdi. O, əvvəlcə “Şamaxı”da çıxış edib, amma bu komandada 11 oyuna heç bir məhsuldar göstərici ilə yadda qalmayıb. Ötən ilin yayında bu komandadan ayrılan yarımmüdafiəçi “Turan Tovuz”a keçib. Oduva geridə qalan mövsümdə Tovuz təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Natan İngiltərənin U-17, U-18 və U-20 yığmalarında oynayıb. 2016-cı ildə Nigeriyanın U-23 yığmasına da forma geyinmiş futbolçu sonralar bu ölkələrin heç birinin yığmasına lazım olmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: