Ötən mövsümü “Turan Tovuz”da keçirmiş, bu yay azad agent kimi sözügedən komandadan ayrılan Natan Oduva yenidən Azərbaycana qayıdıb.
Arena.az saytının əldə etdiyi məlumata görə, Tovuz klubundan ayrılandan sonra daha sərfəli təkliflər gözləyən ingilis futbolçunun bu arzusu puça çıxıb.
Bu üzdən də o, yenə Azərbaycan Premyer Liqasında oynamaq qərarına gəlib. 27 yaşlı hücumameyilli yarımmüdafiəçi “Araz Naxçıvan”dan təklif alıb. O, artıq 3 gündür Premyer Liqamızın debütantının düşərgəsində məşq edir. Naxçıvan klubunun tezliklə onunla müqavilə bağlaması və yeni transferini açıqlaması gözlənilir.
İngiltərədən olan Nigeriya əsilli Natan Oduva “Tottenhem”in yetirməsidir. O, London təmsilçisinin U-21 komandasında oynasa da, əsas komandada debüt şansı qazanmayıb.
Oduva karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.
Oduva 2022-ci ilin yanvar ayından Azərbaycanda çıxış edir. O, əvvəlcə “Şamaxı”da çıxış edib, amma bu komandada 11 oyuna heç bir məhsuldar göstərici ilə yadda qalmayıb. Ötən ilin yayında bu komandadan ayrılan yarımmüdafiəçi “Turan Tovuz”a keçib. Oduva geridə qalan mövsümdə Tovuz təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Natan İngiltərənin U-17, U-18 və U-20 yığmalarında oynayıb. 2016-cı ildə Nigeriyanın U-23 yığmasına da forma geyinmiş futbolçu sonralar bu ölkələrin heç birinin yığmasına lazım olmayıb.


