“Neftçi” “Fənərbaxça”ya qarşı: Mutu ilə ilk sınaq!

Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün “Matç TV” Kuboku çərçivəsində sonuncu oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisinin bu turnirdəki sonuncu rəqibi Türkiyənin “Fənərbaxça” komandası olacaq.

Sankt-Peterburqdakı “Smena” stadionunda baş tutacaq bu matça Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Bu oyun “ağ-qaralar”ın yeni baş məşqçisi Adrian Mutunun rəhbərliyi altında ilk sınağı olacaq. Rumıniyalı mütəxəssis cəmi bir məşqdən sonra yeni komandasını meydana çıxarmış olacaq. Belə ki, Mutu və köməkçiləri paytaxt təmsilçisindəki işinə ötən gündən start veriblər. Komanda ötən axşam “Zenit” klubunun təlim-məşq mərkəzində Adrian Mutunun rəhbərliyi altında ilk məşqinə çıxıb.

Xatırladaq ki, “Neftçi” “Matç TV” Kubokundakı əvvəlki oyunlarını məğlubiyyətlə başa vurub. Komanda “Zenit”ə (Rusiya) 1:3, “Srvena Zvezda”ya (Serbiya) isə 0:4 hesabıyla uduzub. Turnir başa çatmasa da, “Srvena Zvezda” artıq çempionluğu təmin edib.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu da keçirəcək. Bu matç iyulun 18-də Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Matç TV Kuboku
15 iyul

15:00. “Neftçi” – “Fənərbaxça”
Sankt-Peterburq. “Smena” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: