Neymar “Barselona”ya geri dönmək istəyir?

“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar Səudiyyə Ərəbistanı klubundan onu “Barselona”ya icarəyə verməsini istəyib.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, braziliyalı ulduz dizindən aldığı zədəsini sağaltdıqdan sonra 1 ili icarə əsasında “Barselona”da keçirmək istəyir.

Vurğulanır ki, klublar hələlik Neymarın transferi ilə bağlı heç bir danışıqlar aparmayıblar.

Xatırladaq ki, Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: