Nicat Hüseynov ardıcıl ikinci dəfə Avropa çempionu oldu

Azərbaycan boksçusu Nicat Hüseynov Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionu olub.

Arena.az xəbər verr ki, bu gün Avropa çempionatında final döyüşləri keçirilib. Həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Yığmamızın lideri Nicat Hüseynov (51 kq) finalda ermənistanlı Rudolf Qarboyanla döyüşüb. Boksçumuz rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla da titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu adına layiq görülüb və Budvada Azərbaycan himnini səsləndirib.

57 kq çəkidə Əzrək Bəbirov isə yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıblar.

Xatırladaq ki, 1 il öncə Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdu.

Avropa çempionatında 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparıb. Azərbaycan millisi qitə birinciliyinə 16 boksçu ilə yollanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: