2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 9-cu tura yekun vurulub.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qrup (B, D və İ qrupları) üzrə 7 qarşılaşma baş tutub.
B qrupunda Fransa yığması Cəbəllüttariqi, Niderland millisi isə İrlandiyanı qəbul edib. Fransızlar zəif rəqiblə oyundan 14 (!) cavabsız qolla qalib ayrılıblar. Niderland yığması isə İrlandiya ilə görüşdə minimal hesabla qalib gələrək qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edib.
D qrupunda Ermənistan – Uels və Latviya – Xorvatiya oyunları baş tutub. Ermənistandakı heç-heçədən maksimum istifafə edən xorvatlar inamlı qələbəsinə ikinci pilləyə yüksəliblər.
İ qrupunda isə üç qarşılaşma keçirilib. Belarus yığması Andorra üzərində çətin qələbəyə sevinib. İsrail – Rumıniya matçı rumınların qələbəsiylə yekunlaşıb. İsveçrə yığması isə Kosovo ilə oyunda vacib xallar itirib. Bu nəticələrdən sonra Rumıniya və İsveçrə yığmalarının Avropa çempionatının final mərhələsinə çıxış edəcəyi rəsmiləşib.
Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya və Danimarka yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişdilər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
18 noyabr
B qrupu
Fransa – Cəbəllüttariq 14:0
Qollar: E.Santos, 3-öz qapısına. Türam, 4. Zair-Emeri, 16. Mbappe, 30-pen; 74; 82. Klauss, 34. Koman, 36; 65. Fofana, 37. Rabyö, 63. Dembele, 73. Jiru, 89; 90+1.
Niderland – İrlandiya 1:0
Qol: Veqhorst, 12.
Xal: Fransa – 21. Niderland – 15. Yunanıstan – 12. İrlandiya – 6. Cəbəllüttariq – 0.
D qrupu
Ermənistan – Uels 1:1
Qollar: Zelarayan, 5 – Tiknizyan, 45+2-öz qapısına.
Latviya – Xorvatiya 0:2
Qollar: Mayer, 7. Kramariç, 16.
Xal: Türkiyə – 16. Xorvatiya – 13. Uels – 11. Ermənistan – 8. Latviya – 3.
İ qrupu
Belarus – Andorra 1:0
Qol: Laptev, 83.
İsrail – Rumıniya 1:2
Qollar: Zahavi, 2 – Puşkaş, 10. Haci, 63.
İsveçrə – Kosovo 1:1
Qollar: Varqas, 47 – Hüseni, 82.
Xal: Rumıniya – 19. İsveçrə – 17. İsrail – 12. Kosovo – 11. Belarus – 9. Andorra – 2.


