Azərbaycan Birinci Liqasında çıxış edən “Qəbələ”nin nigeriyalı futbolçusu Oçe Oçoveçi klubun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, 22 yaşlı oyunçu yeni komandasına uyğunlaşmaqda problem yaşamadığını bildirib:
“Uyğunlaşama prosesində heç bir problem olmadı. İstər rəhbərlik, istərsə də məşqçilər heyəti və komanda yoldaşlarım tərəfindən çox xoş qarşılandım. Artıq “Qəbələ”nin heyətində rəsmi matçlarda da meydana çıxmışam”.
O, “Qəbələ”də oynadığı üçün xoşbəxt olduğunu vurğulayıb:
“Bundan əvvəl çıxış etdiyim klublarda çox şey öyrənmişəm. İndiki komandamda da karyerama müsbət təsir edəcək nələrsə olacağına inanıram. Bu baxımdan “Qəbələ”də olduğum üçün çox xoşbəxtəm. İnanıram ki, təcrübəmi xeyli artıracağam”.
Oçe Oçoveçi Azərbaycandan təklif alarkən bir dostu ilə məsəhətləşdiyini etiraf edib:
“Azərbaycana gəlməzdən əvvəl burada oynayan bir dostumla məsləhətləşdim. Mənə “Qəbələ” barədə çox müsbət fikirlər söylədi. Təklifi mütləq qəbul etməli olduğumu bildirdi. Bu səbəbdən klubumu dəyişmək qərarına gəldim. “Qəbələ”nin düşərgəsinə qatıldıqda düzgün qərar verdiyimə bir daha əmin oldum. Hazırda fikrimiz komanda şəklində inamlı addımlar atmaqdır”.
Oçoveçi yeni komandasındakı çıxışı və hədəfləri barədə də söz açıb:
“Oynadığım matçlarda necə çıxış etdiyimi deyə bilmərəm, amma əsas məqsədimiz çempion olmaqdır. Çünki biz Premyer Liqaya vəsiqə qazanmaq istəyirik”.
Xatırladaq ki, “Qəbələ” bu mövsüm Birinci Liqada keçirdiyi 3 oyundan sonra 7 xalla yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb.
“Qəbələ” Oçe Oçoveçini bu yay Ukraynanın “Krivbas” klubundan bir mövsümlük icarəyə götürüb.


