Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası bu gün Finlandiya Liqa Kubokunun yarımfinal mərhələsi çərçivəsində KuPS ilə üz-üzə gəlib.
Helsinki təmsilçisi doğma meydanda baş tutan bu oyunda asan qələbəyə sevinib – 3:1.
Ozan bu görüşdə fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Həmin vaxt hesab 1:1 olsa da, Ozanın meydana çıxmasından sonra komandası daha 2 qol vurub.
HJK bu qələbə sayəsində finala yüksəlib. Helsinki təmsilçisini finalda “İnter Turku” ilə oyun gözləyir. Qarşılaşma martın 29-da baş tutacaq.
Xatırladaq ki, Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunub. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü bu klubun heyətində 23 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


