Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutan “Breda” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Qarşılaşmada hesabı 1-ci dəqiqədəcə “Eyndhoven” açıb. Sözügedən komanda növbəti mərhələyə adlamağa çox yaxın olsa da, 90+1-ci dəqiqədə üstünlüyünü əldən verib. Beləcə, matçın əsas vaxtı bərabərliklə başa çatıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol buraxan “Eyndhoven” kubokda mübarizəni dayandırıb. Ozan bu görüşə start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.


