Paketa Braziliya millisinə kömək edə bilməyəcək

Futbol üzrə Braziliya milli komandasının yarımmüdafiəçisi Lukas Paketa zədə səbəbindən dünya çempionatında növbəti oyunu buraxmalı olacaq.

Arena.az bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidmətinə istinadən xəbər verir.

Ətraflı tibbi müayinədən sonra 28 yaşlı futbolçunun sol budun arxa əzələsində zədə aşkarlanıb. Federasiyanın açıqlamasında bildirilir ki, Paketa milli komandanın tibbi heyətinin nəzarəti altında intensiv müalicə proqramına başlayacaq:

“Futbolçu mümkün qədər tez sağalaraq məşqlərə qayıtması üçün Braziliya millisinin tibbi komandası tərəfindən intensiv müalicə kursu keçəcək”.

Hazırda futbolçunun bərpa müddəti açıqlanmayıb. Lakin onun dünya çempionatının 1/8 finalında Norveçə qarşı keçiriləcək oyunda iştirakı ciddi sual altındadır.

Xatırladaq ki, Paketa DÇ-2026-nın 1/16 finalında Yaponiya ilə qarşılaşmada (2:1) əzələsində narahatlıq hiss edib. O, ilk hissənin sonlarında axsamağa başlayıb və fasilədən dərhal sonra, 46-cı dəqiqədə baş məşqçi Karlo Ançelotti tərəfindən Endriklə əvəzlənib.

Qeyd edək ki, Yaponiya üzərində əzmkar qələbə qazanmış Braziliya millisi 1/8 finala yüksəlib və növbəti mərhələdə Norveçlə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: