Patrik “Latsio”da qaldı – 5 illik müqavilə!

İtaliyanın “Latsio” klubu müdafiəçisi Patrisio Qabarron Xil (Patrik) ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

İspaniyadan olan 29 yaşlı futbolçu ilə 5 illik yeni sözləşmə imzalanıb.

İspaniyanın “Barselona” klubunun yetirməsi olan Patrik 2015-ci ildən “Latsio”da çıxış edir. O, Kataloniya təmsilçisinin B komandasında çıxış edib, əsas komandada debüt şansı qazanmayıb. “Latsio”da keçirdiyi 7 mövsümdə isə o, 155 matça çıxıb, 3 qol vurub.

“Latsio” digər oyunçularından ikisi ilə də yollarını ayırıb. Söhbət Denis Vavro və Bobbi Adekanyedən gedir.

Denis Vavro Danimarkanın “Kopenhagen” klubuna satılıb. Slovakiya yığmasının da üzvü olan mərkəz müdafiəçisi bu ilin əvvəlində məhz “Kopenhagen”ə icarəyə verilmişdi. Peşəkar karyerasına “Jilina”da başlamış Vavro, 2017-2019-cu illər aralığında da “Kopenhagen”in uğurları üçün çalışıb. O, 2019-cu ildə məhz Danimarka klubundan “Latsio”ya transfer olunmuşdu. Paytaxt klubunun əsas komandasında cəmi 19 oyun keçirmiş müdafiəçi, daha öncə İspaniya “Hueska”sına da icarəyə verilmişdi. O, Slovakiya yığmasında keçirdiyi 12 oyunda 1 qol vurub.

Bobbi Adekanye isə Niderlandın “Qou Ehed İqlz” klubuna transfer olunub. Niderlanddan olan 23 yaşlı forvard 2019-cu ildən “Latsio”da çıxış edirdi. Lakin o, paytaxt təmsilçisində cəmi 11 oyuna 1 qolla yadda qalıb. İtaliya klubu əvvəlki mövsümlərdə onu “Kadis”, “Den Haaq” və “Krotone”yə icarəyə vermişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: