Pedro Roke: “Məqsədim Azərbaycan boksunda yeni tarix yazmaqdır”

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Pedro Roke bu təyinatla bağlı fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, o, Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Yenidən Azərbaycan millisinə qayıtdığım üçün çox xoşbəxtəm. Buranı özüm üçün ikinci ev sayıram. Azərbaycanı sevirəm. Qarşıya qoyulan hədəfə çatmaq üçün potensiallı boksçularımız var. Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında olduğu kimi, bu dəfə Azərbaycan boks tarixinə ilklə düşəcəyimə inanıram. 2024-cü il Paris Yay Olimpiya Oyunlarının sonunadək müqaviləyə imza atmışam. Bura qayıdışımın əsas səbəbi Rio-de-Janeyro-2016-dan sonra verdiyim sözü yerinə yetirməkdir. Məqsədim ölkə boksunda yeni tarix yazmaq, Paris-2024-də Azərbaycan adına ilk qızıl medalı yığmaya qazandırmaqdır”.

Kubalı məşqçinin sözlərinə görə, 2016-cı ildə Azərbaycandan ayrıldıqdan sonra da boksçularımızın döyüşlərini izləyib və onlar haqda müəyyən məlumata malikdir: “ABŞ-da yaşasam belə milli üzvlərinin görüşlərini həmişə diqqətdə saxlamışam, izləmişəm. Avropa və dünya çempionatlarında, Olimpiadada da döyüşlərinə baxmışam. Yaxşı boksçular var və onları daha da inkişaf etdirmək, titul qazandırmaq üçün var gücümlə çalışacağam. İnanıram ki, iştirak edəcəyimiz turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq”.

Qeyd edək ki, Pedro Roke 2014-2016-cı illərdə də yığmamızı çalışdırıb. Boksçularımız onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda tariximizin ən yaxşı nəticəsinə imza atıblar. Komandamız Oyunlarda ilk dəfə gümüş medala yiyələnib. Həmçinin 1 bürünc mükafat da qazanıb. Milli kubalı mütəxəssislə 2015-ci ildə Dohada 1 qızıl, 1 gümüş və 2 bürünc, həmin ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında 6 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. Onlardan başqa, Rüfət Hüseynov (49 kq) 2015-ci ildə Avropa çempionatında üçüncü yeri tutub.