PFL “İrəvan”ı Birinci Liqadan kənarlaşdırdı

Peşəkar Futbol Liqası (PFL) “İrəvan”ı AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyi üçün Birinci Liqadan kənarlaşdırıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “İrəvan” klubu AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsümdə Birinci Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.

Bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və Birinci Liqa yarışlarının 2023/2024 mövsümünün Əsasnaməsini rəhbər tutaraq “İrəvan”ı Birinci Liqadan kənarlaşdırılıb.

Nəticədə cari mövsümdə Birinci Liqada sonuncu yeri tutan “Araz Saatlı” komandası qarşıdakı mövsümdə Birinci Liqada çıxış etmək üçün İkinci Liqada ikinci olan “Cəbrayıl” komandası ilə pley-off matçlarında qarşılaşacaq. Pley-off oyunlarının detalları ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytında əlavə məlumat veriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “İrəvan” kollektivi 10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edə bilər. Baxmayaraq ki, bununla yanaşı klub tərəfindən PFL-ə bu halda hər bir kluba apellyasiya müraciəti üçün təqdim edilən 10 günlük müddətdən də istifadə edilməyəcəyi ilə bağlı elektron məktub ünvanlanıb.

Xatırladaq ki, 2023/2024 mövsümünə iddialı başlamış “İrəvan” daha sonra maliyyə problemləri ilə üzləşmişdi. Bu üzdən də aparıcı futbolçuların əksəri bu komandanı tərk etməli olmuşdu. Nəticədə sözügedən kollektiv mövsümü autsayderlər sırasında bitirmək məcburiyyətində qalmışdı. Hazırda bu klubun hələ də futbolçularınaa borcu var. Bu üzdən “İrəvan”ın müvafiq cəzalarla üzləşəcəyi gözlənilən idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: