Premyer Liqa: “Zirə”nin 8 oyunluq qələbə həsrəti bitəcək?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutacaq.

Günün ilk matçı Tovuzda yerli “Turan Tovuz”la “Qəbələ” arasında baş tutacaq. 15 xalla 10 iştirakçı arasında sonuncu olan Qəbələnin eyniadlı təmsilçisi səfərdən ən azı 1 xalla qayıtmağa çalışacaq. Üç turdur qələbəyə həsrət olan Elmar Baxşıyevin komandası bu görüşlərdə 2 məğlubiyyətə üzülüb, 1 heç-heçə ilə kifayətlənib. 26 xalla 8-ci pillədə qərarlaşmış Tovuz təmsilçisi isə doğma meydanda mütləq qələbə qazanmaqla üst pillələrə çıxmağa çalışacaq.

“Turan Tovuz” – “Qəbələ”
6 oyun, +1=3-2, top fərqi – 5-10
“Qəbələ” son dörd matçda qol vurub. “Turan Tovuz” evdə qalib gəlməyib.

Günün ən maraqlı oyunlarından biri “Zirə” ilə “Sumqayıt” arasında baş tutacaq. Bu, son aylarda tamamilə fərqli qrafik cızan iki komandanın görüşü olacaq. Premyer Liqada sonuncu məğlubiyyətini ötən ilin sonunda (8 dekabr) “Qarabağ”dan alan “Sumqayıt” uğurlu nəticələr sayəsində artıq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb – 34 xal. “Zirə” isə Premyer Liqa çərçivəsində sonuncu qələbəsini ötən il 12 noyabrda “Qəbələ” üzərində qazanıb. Ondan sonra 3 xala həsrət qalmış Rəşad Sadıqovun komandası hazırda 31 xalla 4-cü sırada yer alıb. Bir sözlə, “Zirə” bu gün 8 oyunluq qələbə həsrətinə son qoymağa çalışacaq. Amma doğma meydanda çıxış etməsinə baxmayaraq, bu komandanın yüksəlişdə olan rəqibinə qalib gəlməsi heç də asan olmayacaq.

“Zirə” – “Sumqayıt”
33 oyun, +18=9-6, top fərqi – 44-22
“Sumqayıt” 13 oyundur bu rəqibinə qalib gəlmir. “Zirə” üç matçdır qol buraxmır.

Nəhayət, turun və günün son oyunu “Araz-Naxçıvan”la “Neftçi” arasında baş tutacaq. Son turda hər iki komanda məğlub olub. Naxçıvan təmsilçisi ümumiyyətlə 4 oyundur 3 xala həsrətdir. “Ağ-qaralar” hazırda 32 xalla üçüncü pillədə qərarlaşıblar və “Sumqayıt”ın xal itirməsi nəticəsində ikinci pilləyə yüksəlmək şansına malikdirlər. “Araz-Naxçıvan” isə hazırda 27 xalla 7-cidir.

“Araz-Naxçıvan” – “Neftçi”
6 oyun, +1=2-3, top fərqi – 2-17
“Neftçi” son 3 görüşdə qalib gəlməyib. “Araz-Naxçıvan”ın ev matçlarında qol vuran qələbə qazanır.

Premyer Liqa
22-ci tur
11 fevral

“Qarabağ” – “Sabah” 3:3
Qollar: Marko Yankoviç, 31-pen. Olavio Juninyo, 64-pen. Yassin Benzya, 90+8 – İshak Belfodil, 45+1-pen; 54-pen. Tellur Mütəllimov, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 15:00.

12 fevral

“Kəpəz” – “Səbail” 1:4
Qollar: Martins Junior, 29 – Aleksandr Ramalinqom, 45+5-pen. Rüfət Abdullazadə, 52. Suleyman Alluş, 60; 90.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu, 15:00.

13 fevral

“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu, 15:00.

“Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 17:15.

“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Dalğa Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: