Fransa nəhəngi PSJ fransalı ulduz hücumçu Kilian Mbappenin “Real”a keçməsindən sonra komandanın əsas penaltiçisini təyin edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis Luis Enrikenin rəhbərlik etdiyi məşqçilər qərargahı penaltiləri vurmaq məsuliyyətini portuqal mərkəz yarımmüdafiəçisi Vitinyaya həvalə edib.
Vitinya “Portu”nun yetirməsidir. 2020-2021-ci illərdə “Vulverhempton”da icarə əsasında çıxış etmiş Vitinyanı PSJ 2022-ci ilin iyulunda 41,50 milyon avro məbləğ müqabilində “Portu”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Portuqal futbolçunun Fransa nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Vitinya PSJ-nin heyətində bütün yarışlarada 46 oyun keçirib, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.
Cari mövsümdə Vitinya parislilər üçün 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Vitinyanın PSJ-nin heyətində çıxışı ümumilikdə 95 oyun, 11 qol, 9 məhsuldar ötürmədən ibarətdir.
Vitinya 2022-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 21 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
“Trasmfermarkt” internet-portalı 24 yaşlı poruqal mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


