“Portu”nun sol cinah vingeri Qaleno UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Qaleno doğma meydanda Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına qarşı keçirdikləri matçda həm dubl edib, həm də 2 qolun assist müəllifi olub. Onun formasını geyindiyi Portuqaliya təmsilçisi isə meydanı 5:3 hesablı qələbə ilə tərk edib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına daha 3 namizəd var idi. “Portu”nun futbolçusu Xoselu (“Real”, İspaniya), Samuel Lino (“Atletiko”, İspaniya) və Anxel Di Mariyanı (“Benfika”, Portuqaliya) geridə qoymağı bacarıb.
Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları məlum olub.
Avropa Liqasında həftənin oyunçusu Çexiyanın “Sparta” (Praqa) klubunun sol cinah vingeri Velko Birmançeviç seçilib. 25 yaşlı serb futbolçu Limassol “Aris”inə (Cənubi Kipr) səfərdə 3:1 hesabıyla qalib gəldikləri görüşdə dubl müəllifi olub.
Avropa Liqasında həftənin ən yaxşısı olmağa Qonsalo İnasio (“Sportinq”, Portuqaliya), Kostas Fortunis (“Olimpiakos”, Yunanıstan) və Moymir Xitil (“Slaviya”, Praqa, Çexiya) də namizəd idilər.
Avropa Konfrans Liqasında isə Eran Zahavi (“Makkabi”, Təl-Əviv, İsrail) həftənin oyunçusu elan edilib. İsrailli futbolçu da Belçikanın “Gent” komandasına 3:1 hesabıyla qalib gəldikləri görüşdə 2 qolla yadda qalıb.
Nəticədə o, Edin Dzeko (“Fənərbaxça”, Türkiyə), Brayan Heynen (“Genk”, Belçika) və Xosue (“Legiya”, Polşa) ilə dueldən qalib ayrılmaqla həftənin ən yaxşısı seçilib.


