“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Atletik”ə qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən etibarən əldə edə biləcəklər. Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında açıqlanacaq.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də Bilbao şəhərində keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Azərbaycan çempionu ÇL-in Liqa mərhələsinin ilk iki turunda səfərdə “Benfika”ya (Portuqaliya) 3:2, evdə isə “Kopenhagen”ə (Danimarka) 2:0 hesabıyla qalib gəlib. Ağdam təmsilçisi hazırda 6 xalla 6 şərikli liderdən biridir.


