“Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümündə ən çox cərimə zərbəsi qazanan komandadır.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu ÇL-in Liqa mərhələsinin 5 matçında ümumilikdə 87 dəfə bu imkanı əldə edib.
Bu baxımdan ikinci sıranı 4 komanda bölüşür. Onlardan biri də turnirin autsayderi və “Qarabağ”ın növbəti rəqibi “Ayaks”dır. Niderlandlılar, həmçinin “Vilyarreal”, “Arsenal” və “Atletik” 79 cərimə zərbəsi yerinə yetiriblər.
Ağdamlıların müdafiə olunmaqda da fərqləniblər. Belə ki, komanda rəqibdən top almağa görə üçüncü pillədə qərarlaşıb. Təsadüfi deyil ki, futbolçular 227 dəfə itirilən topu geri qaytarıblar. İspaniyanın “Atletik” (257) komandası bu nominasiyada birinci, Belçikanın “Yunion” (246) kollektivi ikincidir.
“Napoli” ilə son oyunda penalti dəf etmiş “Qarabağ”ın qapıçısı Mateuş Koxalski cari mövsümdə turnirdə bunu bacaran 7 qolkiperdən biridir. Polşalı ilə yanaşı, “Kayrat”, “Olimpik” (Marsel), “Slaviya”, “Brügge”, “Atalanta” və “Vilyarreal”ın qapıçısı da bir dəfə penalti duelindən qalib ayrılıb.
“Qarabağ” həmçinin oyun intizamında da fərqlənir. Azərbaycan çempionu ÇL-in Liqa mərhələsində ən çox cəriməyə məruz qalan komandadır. Rəqiblər 80 dəfə ağdamlıların qarşısını kobudluqla alıblar. İkinci sıradakı “Vilyarreal” 74, üçüncü yerdəki “Arsenal” isə 70 dəfə kobudluğa məruz qalıb.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk 5 turundan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.


