“Qarabağ” – ÇSKA matçının başlama saatı açıqlandı

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” sabah – iyulun 4-də növbəti yoxlama oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu – üçüncü sınaq matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə üz-üzə gələcək.

Artıq bu rəqiblə görüşün başlama saatı da məlumdur. Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşma “Vörgl Arena”da baş tutacaq.

Sofiya ÇSKA-sı geridə qalan 2022/2023 mövsümündə 35 oyuna 84 xal toplayaraq Bolqarıstan çempionatının gümüş medallarını qazanıb. Bu komanda çempion “Ludoqorets”dən cəmi 1 xal geri qalıb.

Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk sınağında Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşmışdı. Həmin oyunda qalib müəyyənləşməmişdi – 3:3. Ağdam klubu Kössendə Polşanın “Legiya” (Varşava) komandaısna qarşı keçirdiyi oyunda da 0:2 hesablı məğlubiyyətə üzülmüşdü. Ağdamlılar ÇSKA-ya qarşı oyunla Avstiya toplanışını yekunlaşdıracaq.

Qeyd edək ki, Ağdam təmsilçisi sonuncu yoxlama oyunundan bir gün sonra – iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllüttariqə yollanacaq.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” qitənin ən nüfuzlu klub turnirinin 1-ci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq. Cəbəllüttariq çempionu ilə ilk oyun iyulun 11-də səfərdə, cavab görüşü isə ayın 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: