Qreqq Berhalter ABŞ millisindən qovuldu

Amerika Birləşmiş Ştatlarının (ABŞ) futbol üzrə milli komandasının baş məşqçisi Qreqq Berhalter istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, amerikalı mütəxəssislə 2026-cı ilə kimi nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Halbuki, 49 yaşlı mütəxəssis bu komandanı 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatına hazırlamalı idi.

Amma hazırda məhz Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş Amerika Kubokundakı uğursuz çıxış Berhalterə bağışlanmayıb. Belə ki, komanda onun rəhbərliyi altında Amerika Kubokunda qrup mərhələsini adlaya bilməyib. Boliviyaya 2:0 hesabıyla qalib gəlmiş ABŞ yığması Panamaya 1:2, Uruqvaya 0:1 hesabıyla uduzub.

Berhalter 2023-cü ilin avqust ayında ABŞ yığmasının baş məşqçisi təyin olunmuşdu. O vaxtdan bəri millini 14 oyuna çıxarmış amerikalı mütəxəssis bu görüşlərdə 7 qələbə, 1 heç-heçə və 6 məğlubiyyət görüb.

Xatırladaq ki, Qreqq Berhalter daha əvvəl 2018-2022-ci illər aralığında da ABŞ seçməsinə rəhbərlik edib. O, bu komandanı DÇ-2022-də 1/8 finala çıxarıb. Milli komanda həmin vaxt onun rəhbərliyi altında 60 oyun keçirib. Həmin oyunlarda 37 qələbə, 12 heç-heçə və 11 məğlubiyyət qeydə alınıb.

Berhalter daha öncə “Los Anceles Qalaksi”də köməkçi məşqçi, İsveçin “Hammarbü” və Amerikanın “Kolambus Kryu” klublarında da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: