“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Premyer Liqanın 11-ci turunda “Sabah”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu “Neftçi TV”-yə açıqlamasında komandada hər şeyin qaydasında olduğunu bildirib:
“Səbail”ə qarşı sonuncu matçda qələbə qazandıq. Bizi növbəti çətin qarşılaşma gözləyir. Çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir. Meydana üç xal üçün çıxacağıq”.
O, “Sabah”ın üç gün əvvəl “Sumqayıt”la Premyer Liqanın 2-ci turundan təxirə salınmış oyunda iştirak etməsinə toxunub: “Rəqib yorğun ola bilər. Amma biz öz oyunumuzu düşünməliyik və qələbə qazanmalıyıq”.
Öz oyunundan da söz açan Rəhman Hacıyev üç mövqedə çıxış edə bildiyini söyləyib: “Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum sağ cinahda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə etməyə çalışacağam”.
Xatırladaq ki, oktyabrın 29-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sabah” matçına saat 18:30-da start veriləcək.
Rəhman “Bakı”nın yetirməsidir. O, “Neftçi”dən öncə “Sumqayıt”da, həmçinin Türkiyənin “Qaziantep” komandasında da forma geyinib. “Neftçi”yə gələndən sonra iki mövsüm “Keşlə”də (indiki “Şamaxı”) icarədə olmuş Hacıyev Azərbaycan milli komandasında da 9 oyun keçirib. Onun “Neftçi” karyerası isə 182 oyun, 19 qol və 20 məhsuldar ötürmədən ibarətdir.


