“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların “Azərsun Arena”da baş tutmuş görüşündə “Zirə” 0:2 hesabı ilə məğlub olub.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyuna çox pis başladıq və qapımızda iki qol gördük. Həmin dəqiqələrdə komandada çaşqınlıq var idi. Birinci hissəni çox pis keçirdik. İkinci yarıda isə tam əksi oldu. Rəqibin kompakt müdafiəisini yara bilmədik. Fasilədən sonra futbolçular çalışdılar. Amma matçın əvvəlində buraxılmış səhvləri sonradan düzəltmək alınmadı.
Oyunun əvvəlində İsmayıl İbrahimlidə müəyyən narahatlıq var idi. Onu meydana buraxıb-buraxmamaq barədə fikiləşirdik. Hiss olunurdu ki, oyununa təsir etdi. Hesabda geriyə düşdük və dəyişikliyə getdik.
Əvəzedicilər Liqasını izləyə bilmirəm. Amma oradan komandaya oyunçular dəvət edirik. Kimi hazır görsək, oyuna buraxacağıq. Mütəmadi olaraq əvəzedici komandamızdakı uşaqları əsas komandaya dəvət etməyə çalışırıq”.
Rəşad Sadıqov “Turan Tovuz” azarkeşlərinin bu oyunda ona qarşı şüarlar səsləndirib, atmacalar atmasına da münasibət bildirib:
“Mən də bilmədim, başa düşmədim onu. “Turan Tovuz” mənə doğma komandadır. Buna fikir bildirməyəcəyəm. Çünki onların bu addımının səbəbini bilmədim”.


