Malayziyanın “Sabah” komandasının braziliyalı hücumçusu Ramon Maçado bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın düşərgəsinə daha bir futbolçu qoşulub. Anlaşmaya əsasən, Ramon Maçado qarşıdakı 1 ili “qırmızı-ağlar”ın heyətində keçirəcək. Braziliyalı hücumçu bu gündən komandanın məşqlərində iştirak edir. 33 yaşlı futbolçu “Araz-Naxçıvan”a Malayziyanın “Sabah” klubundan gəlib.
Azərbaycan Premyer Liqası təcrübəli braziliyalı üçün yad deyil. Belə ki, o, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb. Braziliyalı forvard 2021/2022 mövsümündə “Neftçi”də 28 oyuna çıxıb, 7 qol və 5 assistlə yadda qalıb. 2022/2023 mövsümündə isə o, “Qəbələ”nn formasını geyinib – 37 oyun, 10 qol və 4 assist.
Maçado Malayziya “Sabah”ına 2023-cü ilin yayında məhz “Qəbələ”dən ayrılaraq keçmişdi. “Araz-Naxçıvan”ın indiki baş məşqçisi Elmar Baxşıyev vaxtilə “Qəbələ”də rəhbərliyi altında oynamış bu hücumçunu yenidən yanında görmək istəyib.
Ümumilikdə isə Maçado “Brasil Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte” və “Ponte Preta” klublarında da çıxış edib.
“Araz-Naxçıvan” daha öncə Ürfan Abbasov (“Qəbələ”), Ülvi İsgəndərov (“Qəbələ”), Ömər Buludov (“Neftçi”), Tərlan Əhmədli (“Turan Tovuz”), Turan Vəlizadə (“Neftçi”), Karlos Jatoba (“Politexnika”, Rumıniya), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”), Bernardo Oliveyra Dias (“Unian Torreense”, Portuqaliya) və Felipe Santosu (“Hapoel”, Hayfa, İsrail) da heyətinə qatmışdı. Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviç də klubla yeni müqavilə bağlayıblar.
Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyev isə komandanı tərk ediblər.


