Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 8-ci turu çərçivəsində “Adanaspor”la qarşılaşıb.
Ankara təmsilçisi doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Renat qarşılaşmanın 69-cu dəqiqəsində meydana buraxılıb.
“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.
“Ankaragücü” 8 turdan sonra 10 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov da bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 8 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.


