Renat Dadaşov oynamadı, “Motor” 5 qola üzüldü

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının bu gün keçirdiyi oyununu buraxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 12-ci turu çərçivəsində “GKS Katoviçe” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və böyük hesabla məğlub olub – 2:5. Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

12 turdan sonra 11 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 11 oyunda 2 qələbə qazanıb, 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 9 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 39 oyunda 5 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: