Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Visla” (Plok) ilə qarşılaşıb.
Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və darmadağına sevinib – 4:0. Renat bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb. Amma o, komandasının qələbəsində xüsusi pay sahibi ola bilməyib.
32 turdan sonra 42 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 32 oyunda 10 qələbə qazanıb, 12 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda fərqlənə bilməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.


