Rikardo Kuaresma futbola “Beşiktaş” forması ilə vida etmək istəyir

Portuqaliyalı futbolçu Rikardo Kuaresma Super Liqanın 15-ci turunun “Beşiktaş” – “Fənərbaxça” oyunundan əvvəl önəmli açıqlamalar verib.

Arena.az xəbər verir ki, vaxtilə “Beşiktaş”dakı uğurlu çıxışı ilə azarkeşlərin könlünü fəth edən 40 yaşlı vinger derbidə “qara qartallar”ın qələbəsini arzuladığını bildirib:

“Beşiktaş”ın derbidə qalib gəlməsini istəyirəm. Ümumiyyətlə, bu komandanın çempion olmasını və layiq olduğu yerlərə gəlməsini arzulayıram”.

Futbola vidalaşmaq istədiyini deyən Kuaresma, bu vidanın “Beşiktaş”da baş tutmasını arzuladığını növbəti dəfə ifadə edib. Ötənlərin ulduz futbolçusu keçmiş klubunun onun üçün çox xüsusi yeri olduğunu qeyd edib. O, “Beşiktaş”da yaşıl meydanlarla vidalaşmağın onun üçün inanılmaz olacağını bildirib. “Beşiktaş”dan belə bir təklif gözlədiəyini bildirən Rikardo, hər gün məşq etdiyini də sözlərinə əlavə edib:

“Arzularımdan biri də “Beşiktaş” forması ilə, dolu tribunalar qarşısında futbolu tərk etməkdir. Təklif gəlsə, heç düşünmədən “hə” deyərdim”.

Futbolla vidalaşdıqdan sonra futbolda qalıb məşqçi olmaq istədiyini bildirən Kuaresma, gələcək planlarından da söz açıb: “Texniki komandaya daha çox inteqrasiya etmək istərdim. Klubu inkişaf etdirmək üçün bu komandanın bir parçası olmaq istərdim. Həmçinin məşqçi həyatını da anlamaq maraqlı olardı. Çünki futbolçu ilə məşqçinin həyatı fərqli şeylərdir”.

Xatırladaq ki, Rikardo Kuaresma 2015-ci ildən 2019-cu ilə qədər “Beşiktaş”da forma geyinib. O, 227 oyun keçirib, 38 qol və 77 məhsuldar ötürmə müəllifi olub.

Kuaresma “Portu”, “Sportinq”, “Vitoriya”, “İnter”, “Barselona”, “Kasımpaşa”, “Əl-Əhli” və “Çelsi”də də forma geyinib. O, Portuqaliya yığmasında 80 oyun keçirib, 10 qola imza atıb.

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: