“Selta”nın qapıçısı Ruben Blanko və “Şeffild Yunayted”in yarımmdafiəçisi İliman Ndiaye Marsel “Olimpik”inə keçiblər.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fransa klubu 28 yaşlı ispan qapıçının transferi üçün “Selta”ya 1,5 milyon avro ödəyib. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
İliman Ndiayenin transferi üçün isə İngiltərə klubuna 17 milyon avro ödənilib. Seneqallı futbolçu Marsel təmsilçisi ilə 5 illik sözləşməyə imza atıb.
Ruben Blanko “Selta”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 142 oyun keçirib, 197 qol buraxıb, 41 “quru” matç keçirib. İspan qapıçı ötən mövsümü icarə əsasında məhz Marsel “Olimpik”inə keçirmişdi. Blanko bu komanda 7 oyuna çıxıb, 6 qol buraxıb, 2 oyunda isə qapısını toxunulmaz saxlayıb.

İliman Ndiaye isə 2019-cu ilin iyul ayından formasını geyindiyi “Şeffild Yunayted”də 88 oyuna çıxıb, 22 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. O, bir müddət “Hayd Yunayted”də icarədə də olub. 23 yaşlı yarımmüdafiəçi Seneqal yığmasında da 7 matça çıxıb, 1 qol vurub.
“Şeffild Yunayted”də 3 yeni futbolçu, 3 yeni müqavilə, 4 ayrılıq
Ndiaye ilə vidalaşan “Şeffild Yunayted” də heyətinə yeni futbolçular cəlb edib. Qarşıdakı mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq bu klub “Bröndbü”dən Anis Slimaneni transfer edib. “Şeffild Yunayted” bu keçidə görə Danimarka klubuna 2,7 milyon avro ödəyib. 22 yaşlı tunisli dayaq yarımmüdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. Slimane peşəkar karyerasına məhz “Bröndbü”də başlayıb və bu komandada 121 oyuna 9 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. O, Tunis milli komandasında da 29 oyuna 4 qol vurub.

İsveçin “Haken” klubunun hücumçusu Beni Traore də “Şeffild Yunayted”ə keçib. İngiltərə klubu bu transfer üçün 4,6 milyon avro ödəyib. Kot-d’İvuardan olan 20 yaşlı forvardla 4 illik müqavilə imzalanıb. O, 2021-ci ildən formasını geyindiyi “Haken”də 57 oyuna 24 qol vurub, 9 assistlə yadda qalıb.
“Şeffild Yunayted” Fransanın “Trua” klubunun sol cinah müdafiəçisi Yasser Larusini də satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb. Əlcəzair əsilli fransalı futbolçu “Liverpul”un yetirməsidir. O, vaxtilə İngiltərə nəhənginin əsas komandasında da 2 oyun keçirib. 22 yaşlı futbolçu 2021-ci ildən formasını geyindiyi “Trua”da 44 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb. O, Fransanın U-21 yığmasında da oynayıb.

“Şeffild Yunayted”in qapıçı Ceyk İstvud isə “Qrimsbi Taun”a transfer olub. O, yetirməsi olduğu Şeffild təmsilçisində cəmi 3 oyun keçirib. 26 yaşlı ingilis qolkiper icarə əsasında müxtəlif klubların formasını geyinmək məcburiyyətində qalıb.

“Şeffild Yunayted” daha üç futbolçusu ilə yollarını ayırıb. Premyer Liqanın yeni iştirakçısı 29 yaşlı mərkəz müdafiəçisi Cek O’Konnell, 33 yaşlı sol cinah müdafiəçisi Enda Stivens və 37 yaşlı hücumçusu Billi Şarpla vidalaşıb. Stivens “Stok Siti”yə keçibsə, digər iki futbolçu hələ klubsuzdur.

Klubla sözləşmələrinin müddəti bu yay bitən Con Flek və Ben Osborn isə “Şeffild Yunayted”lə 1 illik yeni müqavilə bağlayıblar. Müdafiəçi Cek Robinson da 2 illik yeni sözləşməyə imza atıb.




