Futbol üzrə Azərbaycan milli komandasının və “Sumqayıt”ın mərkəz yarımmüdafiəçisi Səbuhi Abdullazadə əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, Bakıdakı özəl xəstəxanaların birində keçirilmiş əməliyyat uğurla başa çatıb. 24 yaşlı yarımmüdafiəçi təxminən 5 ay sonra meydana dönəcək.
Qeyd edək ki, Səbuhi Abdullazadənin niyə əməliyyat olunduğu barədə məlumat verilməyib. Amma o, ötən gün Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri matçın 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib. Hətta ayaq vətərlərinə də ciddi xəsarət yetirmiş futbolçunun bir daha yaşıl meydanlara qayıtmasının sual altında olduğu da iddia edilir. Amma klub yarımmüdafiəçinin 5 aydan sonra yaşıl meydana qayıdacağını açıqlayıbsa, deməli, müsbət sonluğa ümid var.
Səbuhi Abdullazadə “Sumqayıt”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 206 oyun keçirib, 9 qol vurub, 19 məhsuldar ötürmə verib.
Yarımmüdafiəçi 2025-ci ildə debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


