“Sabah” – “Partizan” oyununa satılmış biletlərin sayı açıqlandı

Bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Partizan” oyununa satılmış biletlərin sayı açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Serbiya komandaları arasındakı ilk oyuna 5000 bilet satılıb.

Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bilet satışı hazırda davam edir. Azarkeşlər biletləri matçın oynanılacağı “Bank Respublika Arena”nın kassasından, həmçinin, “İticket”in satış məntəqələrindən və rəsmi saytından onlayn qaydada əldə edə bilərlər.

Qeyd edək ki, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah” – “Partizan” oyunu bu gün Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq. Komandalar arasındakı ilk oyuna saat 20:00-da start veriləcək.

Azərbaycan və Serbiya təmsilçiləri arasındakı cavab qarşılaşması isə avqustun 17-də Belqradda, “Partizan” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtilə ilə saat 23:00-da start veriləcək.

“Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS komandasını mübarizədən kənarlaşdırıb – səfərdə 2:0, evdə 2:1 qalib gəlməklə! “Partizan” isə mübarizəyə elə birbaşa bu mərhələdən qoşulur.

Sonda onu da xatırladaq ki, “Partizan” – “Sabah” cütünün qalibi Avropa Konfrans Liqasının pley-off mərhələsində “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Azərbaycan və Serbiya klublarından güclü olan pley-offda ilk görüşünü səfərdə keçirəcək.