“Sabah” tarixi matçda inamlı qələbəyə sevindi

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış Azərbaycanın “Sabah” klubu bu gün qitə səhnəsində ilk sınağına çıxıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Latviyanın RFS komandasının qonağı olub.

Yurmaladakı “Sloka” stadionunda baş tutan qarşılaşmanı Çexiyadan olan hakimlər briqdası idarə edib. Komandamız avrokuboklardakı debüt matçından uğurlu nəticə ilə ayrılmağı hədəfləmişdi. Belə olacağı halda növbəti mərhələyə vəsiqə qazanmaq yolunda da önəmli addım atılmış olacaqdı.

RFS ötən mövsüm Latviya çempionatında 36 oyuna topladığı 76 xalla 3-cü yeri tutub. Bu komanda 22 qələbə qazanıb, 10 heç-heçə edib və cəmi 4 məğlubiyyətə üzülüb.

Bu mövsüm isə RFS artıq 23 oyun keçirib. Bu oyunlarda 16 qələbə qazanıb, 7 heç-heçə etmiş komandanın məğlubiyyəti yoxdur. 55 xal toplamış riqalılar liderdən cəmi 3 xal geri qalırlar və 2-ci pillədə qərarlaşıblar.

Latviya klubu UEFA reytinqində 161-ci pillədədir. Müqayisə üçün Azərbaycan təmsilçisinin bu siyahıda 343-cü sırada olduğunu da vurğulayaq. “Bayquşlar” ötən mövsüm Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı kimi Konfrans Liqasında iştirak hüququ qazanıblar.

Bu iki komanda arasındakı oyunda sevinən tərəf Azərbaycan təmsilçisi olub. Komandamız tarixi matçdan 2:0 hesablı qələbə ilə ayrılıb. Boyan Letiç isə bu komandanın tarixinə düşüb. Bosniya və herseqovinalı müdafiəçi Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub.

Azərbaycan və Latviya komandanları arasındakı cavab qarşılaşması avqustun 3-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Həmin oyuna saat 20:00-da start veriləcək.

Qeyd edək ki, bu cütün qalibi Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

Azərbaycanın Avropa Konfrans Liqasındakı digər təmsilçiləri – “Qəbələ” və “Neftçi” ilk matçlarını iyulun 27-də keçirəcəklər.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul

RFS – “Sabah” 0:2
Qollar: Boyan Letiç, 22. Davit Volkov, 56.
Baş hakim: Yan Maxalek (Çexiya).
Yurmala. “Sloka” stadionu.

RFS: 1. Pavel Şteynbor (k), 11. Robert Savalniek (52. Marçis Oş, 69), 23. Herdi Prenqa, 43. Jiqa Lipuşçek, 25. Petr Mareş, 27. Adam Marhiyev, 26. Stefan Paniç (3. Artur Zyuzin, 79), 7. İsmael Diomande (9. Yanis İkauniek, 60), 17. Sedrik Kuadio (22. Darko Lemayiç, 61), 10. Emerson, 19. Andrey İliç.
Ehtiyat oyunçular: 13. Yevgeni Neruqal, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 8. Daniel Ontujan, 18. Dmitri Zelenkov, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Jaleyko.
Baş məşqçi: Viktor Moroz.

Sabah”: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrasabaqal, 44. Sofian Çakla, 2. Amin Seyidov, 15. Kristian da Silva, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev (20. Coy Lens Mikels, 46), 18. Davit Volkov (19. Emmanuel Apeh, 70), 77. Namiq Ələsgərov (12. Vensan Till, 46).
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 21. İldar Ələkbərov, 22. Seymur Məmmədov, 28. Jarl Marqarita, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Murad Musayev.

Xəbəri sosial şəbəkələrdə paylaş: